Karyera
18 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini bitirmişəm.
Ssenari sahəsinə tam keçid etməzdən əvvəl 6 il İT administratoru kimi çalışmışam. Bu sahədə qazandığım analitik düşüncə, strukturlaşdırma və problem həll etmə bacarıqları sonradan ssenari yazarlığında mənə fərqli baxış qazandırıb. Hekayəni bütöv bir sistem kimi görmək, onun ayrı-ayrı elementləri arasındakı əlaqələri müəyyənləşdirmək və işləməyən məqamların səbəbini axtarmaq yaradıcı prosesimin mühüm hissəsinə çevrilib.
2018–2022-ci illərdə dOM teatrının üzvü olmuş, aktyor, rejissor assistenti və rejissor kimi fəaliyyət göstərmişəm. Teatr təcrübəsi personajı, dialoqu və səhnəni yalnız ssenarist kimi deyil, aktyor və rejissor baxışından da görməyimə imkan verib və müəllif kimi yanaşmama təsir göstərib.
Hazırda əsas fəaliyyətimi ssenarist kimi davam etdirir, müxtəlif qısametrajlı və tammetrajlı film, animasiya və serial layihələri üzərində çalışıram. Bununla yanaşı, skript doktor kimi ssenarilərin təhlili və təkmilləşdirilməsi ilə məşğul olur, ssenari üzrə təlim və mentorluq fəaliyyəti göstərirəm.
Yanaşmam
Ssenariyə həm yaradıcı, həm də analitik yanaşıram. Mənim üçün hekayənin ideyası, strukturu, personajları, konfliktləri, dialoqları və ayrı-ayrı səhnələri bir-birindən təcrid olunmuş deyil, vahid dramaturji sistemin hissələridir. Yazı prosesində hər bir elementin hekayəyə nə verdiyini sorğulamağı, işləməyən məqamların səbəbini tapmağı və ortaya çıxan ilk nəticə ilə kifayətlənməyərək ssenarinin daha yaxşı versiyasını axtarmağı vacib hesab edirəm.
Bu yanaşma skript doktorluq və təlimçilik fəaliyyətimin də əsasını təşkil edir. Ssenari üzərində işləyərkən müəllifin niyyətini və hekayənin özünəməxsusluğunu qorumağa, problemi onun əvəzinə həll etməkdən çox, problemin səbəbini və mümkün həll istiqamətlərini göstərməyə çalışıram. Təlimçilikdə isə məqsədim yalnız ssenari qaydalarını öyrətmək deyil, tələbələrin hekayəyə daha dərindən baxmasına və dramaturji problemləri müstəqil şəkildə həll etməsinə kömək etməkdir.
Təhsil və peşəkar inkişaf
Ssenari sahəsində peşəkar inkişafımı daim davam etdirmişəm. Azərbaycanda bu istiqamətdə təhsil imkanlarının məhdud olduğu dövrdə ssenari üzrə biliklərimi inkişaf etdirmək üçün Moskvada iki ixtisaslaşmış kursda təhsil almışam. Sonrakı illərdə müxtəlif yerli və beynəlxalq kurs və seminarlarda iştirak etmişəm.
- 2011–2012 — Əli İsa Cabbarovun “Prodüserlik kursu”, Bakı Film İnstitutu
- 2012 — Türkiyəli prodüser Zeynəb Özbatur Atakanın təlimi, Bakı Film İnstitutu
- 2016 — Aleksandr Mittanın “Ssenari ustalığı” kursu, Moskva
- 2017 — Oleq Sirotkinin “Tammetrajlı film ssenarisi” kursu, Moskva
- 2017 — İngiltərəli ssenarist Pol Freyzerin seminarı
- 2020 — “Film və ya televiziya üçün tammetrajlı ssenarinin yazılması”, Coursera / Michigan State University, təlimçi David Wheeler
Peşəkar fəaliyyət və üzvlük
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm. Eyni zamanda Azərbaycan Ssenaristlər Gildiyasının təsisçilərindən biri və üzvü, Gildiyanın Təftiş Komissiyasının sədriyəm. Fərdi yaradıcılıq fəaliyyətimlə yanaşı, Azərbaycanda ssenarist peşəsinin inkişafına, ssenaristlərin peşəkar təşkilatlanmasına və bu sahədə əməkdaşlıq mühitinin güclənməsinə töhfə verməyə çalışıram.